OM

Məmmədov Orxan Yaşar oğlu

12.11.1978-ci il tarixində Azərbaycan Respublikasının Qəbələ Rayonunun Vəndam kəndində anadan olmuşdur.

1985-1996-cı illərdə ibtidai və orta təhsilini Vəndam kəndində almışdır.

1996-2000-ci illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dekorativ Tətbiqi Sənətlər fakultəsində bakalavr kimi təhsil almış və rəssam-konstruktor olaraq qırmızı diplomla təhsilini başa vurmuşdur.

2000-2002-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında magistr təhsili alaraq rəssam-sənətşünas kimi akademiyanın məzunu olmuşdur.

Tələbəçilik illərində bir sıra plakat müsabiqələrində iştirak etmiş və mükafatlara layiq görülmüşdür. Sonralar rəssam öz yaradıcılığını əsasən rəngkarlıq sahəsində davam etdirmişdir.

2002-2004-cü illər arasında rəssam Leonardo da Vinçi, Rubens, Rembrandt, Karl Bryullov, İvan Şişkin kimi klassiklərin əsərlərini kopiya etmək və fərdi yaradıcılıq üslubunu axtarmaqla məşğul olmuşdur.

2004-cü ildə nəhayət rəssam öz fərdi yaradıcılıq üslubununun prinsiplərini işləyib-hazırlamağa müyəssər olmuşdur. ”Baş-ayaq” adlı əsərində özünün kətan üzərində yağlı boya ilə çəkdiyi müxtəlif əsərlərin fraqmentlərini kəsib götürərək onları məntiqi şəkildə bir-birinə tikməklə ümumi tablo halına gətirməyə nail olmuşdur. Bu əsərdən sonra kətan və yağlı boya ilə yanaşı iplər və kəndirlər Orxan Məmmədova öz fəlsəfəsini ifadə etməkdə yardımçı olan əsas atributlara çevrilmişdir.

Rəngkarlıq və qurama sənətinin sintezi kimi ortaya çıxan bu yeni üslubda rəssam sonradan öz yaradıcılığını “Yuxum”,”Portret”,”Peyzaj-popurri” və s. kimi əsərləri ilə davam etdirmişdir.

Orxan Məmmədov 2005-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.